USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakıda sağlamlıq imkanları məhdud gənclərin “Şərq nağılı” Beynəlxalq Yaradıcılıq Festivalı başa çatıb. Festival Azərbaycan Gənclər və İdman Nazirliyi, MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” ictimai birliyi tərəfindən təşkil olunub.
Festivalda Azərbaycan, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan gələn yüzdən çox gənc iştirak edib. Bütün MDB ölkələri əlilliyi olan insanların sosial adaptasiyasına böyük diqqət yetirir və buna görə də festival geniş miqyasda keçirilib. Qonaqlar üçün musiqi proqramları, master klasslar və ekskursiyalar təşkil olunub. Festival ümummilli liderimizin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin tərkib hissəsinə çevrildiyindən, iştirakçılar Heydər Əliyev Mərkəzini ziyaret edib, onun yaranma tarixi ilə tanış olub, miniatürlərdə Azərbaycanın görməli yerlərinə, musiqi alətlərinə və müxtəlif ölkələrdə toplanmış gəlinciklərə baxıblar.
Həmçinin iştirakçılar, 2013-cü ildə əsası qoyulmuş autizm spekterli uşaqların Reabilitasiya Mərkəzində də olublar. Qonaqlara uşaqların reabilitasiya və adaptasiyasının necə keçdiyini, onların müstəqil həyata necə hazırlandığı barədə məlumat verilib.
Festivalın ilk günündə iştirakçıların özlərinin hazırladığı tamaşa şəklində konsert keçirilib. Belarusu Minsk Dövlət Rəqəmsal Texnologiyalar Kollecinin müəllimi Anastasiya Berqovina və tələbəsi Maksim Kakovka, Qazaxıstanı XIV Milli Delfi Oyunlarının “İşarə dilində oxuma” nominasiyasınım qalibi Samen Ernur, Rusiya nümayəndə heyətini isə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) tələbəsi İlyas Abdullayev türkcə şeiri ilə təmsil edib.
Bu MDHİU nümayəndələrinin festivalda ilk çıxışları deyil. Universitetin gənclər siyasəti üzrə prorektoru Tatyana Aqeyçeva belə tədbirlərin əhəmiyyətindən danışıb: “Bu miqyaslı tədbirlər bir çox ölkələrin nümayəndələri arasında əlaqələrin qurulmasında, uşaqların yeni bacarıqlarının üzə çıxarmaqda, yeni təcrübə qazanmalarında mühüm rol oynayır. Mərkəzə baş çəkmək isə autizm spektri pozğunluğu olan uşaqlarla tətbiq olunan iş üsulları ilə tanış olmağa kömək etdi”.
Rusiya Azərbaycanla birlikdə əlilliyi olan uşaq və gənclər üçün inklüziv mühitin yaradılmasına böyük diqqət yetirir. Avqustun 18-də Rusiyanın Bakıdakı səfirliyində dahi sovet və Azərbaycan opera və estrada müğənnisi Müslüm Maqomayevin doğum gününə həsr olunmuş uşaq və gənclərin birinci inklüziv yaradıcılıq festivalı keçirilib. Burada “Azərbaycan Uşaqları İctimai Birliyi” reinteqrasiya mərkəzinin qəyyumluğu altında olanlar, “Sərhədsiz Analıq” beynəlxalq layihəsi, Neurobis reabilitasiya mərkəzi və “Dəcəllər” paraklubunun idman komandası da daxil olmaqla 70-dən çox uşaq iştirak edib.
MDB ölkələri təkcə məktəblilərin və tələbələrin görüş, ünsiyyət qurma və təcrübə mübadiləsi apara biləcəyi platformaların yaradılmasına diqqət yetirmir, həm də sağlamlıq imkanları məhdud uşaqlar üçün də şərait yaradır və bu da çox vacibdir.
Bir cavab yazın