USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Mərkəzi Bank ilin sonuna inflyasiya proqnozunu artırıb. Ölkədə adambaşına düşən orta aylıq xərc yüksəlib. Sentyabrda aylıq inflyasiya son 6 ilin ən yüksək səviyyəsinə çatıb.
Azərbaycanda adambaşına düşən orta aylıq xərc artır. Bu ilin 9 ayında pərakəndə ticarətdə bir ölkə sakini hər ay orta hesabla 392,7 manat pul xərcləyib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,9 manat çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 9 ayında xərclərin 221,1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 171,6 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Ərzaqların bahalaşması davam edir
Qeyd edək ki, xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Pərakəndə ticarətdə əsas yeri ərzaq məhsulları tutur. Sentyabrda Azərbaycanda illik ərzaq inflyasiyası 21,8% olub. Təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (10,5%), ödənişli xidmətlərin qiymətləri (11,4%) də bahalaşıb. Xərclərin artmasının əsas səbəbi qiymətlərin bahalaşmasıdır
Sentyabrda aylıq inflyasiya 3,1% olmaqla son 80 ayın ən yüksək səviyyəsinə çatıb. İllik inflyasiya 2022-ci ilin sentyabrında 15,6% təşkil edib.
Mərkəzi Bank ilin sonuna inflyasiya proqnozunu yüksəldib
Mərkəzi Bankın məlumatına görə, aparılan təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında əsasən xarici mənşəli xərc amillərinin mühüm rol oynadığını göstərir. Bu amillər daxili istehsal xərclərinə də təsir edir.
Faktiki inflyasiya inflyasiya gözləntilərinin yüksək qalmasına səbəb olur. Sentyabr ayında aparılan sorğulara görə ev təsərrüfatlarının 20%-i növbəti 12 ayda inflyasiya tempinin yüksələcəyini gözləyir.
Mərkəzi Bank 2022-ci ilin sonuna illik inflyasiya proqnozunu yüksəldib. 2023-cü ildə isə illik inflyasiyanın 2022-ci illə müqayisədə daha aşağı olacağı proqnozu qüvvədə qalır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,5 milyard manatlıq mallar satılıb. Bunun 20 milyard manatı ərzaq məhsulları, içki və tütün məmulatlarının, 15,5 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 2,9 faiz artıb.
Xərclərin yarıdan çoxu ərzaqlara gedib
Alıcıların xərclədiyi vəsaitin 51,7%-i ərzaq məhsullarının, 4,6%-i içki və tütün məmulatlarının, 13,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub. Bundan başqa, xərclənən vəsaitin 5,7%-i avtomobil benzini və dizel yanacağının, 5,2%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının payına düşüb.
Əhalinin dərman xərcləri artıb
Onu da bildirək ki, 9 ayda Azərbycanda pərakəndə ticarət şəbəkəsində əhalinin əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkdiyi xərc 19,7% artaraq 826,5 milyon manata çatıb.
Xatırladaq ki, ötən ilin 9 ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 336,8 manatlıq, o cümlədən 182,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,7 manatlıq qeyri-ərzaq malları almışdı.
Bir cavab yazın